Hərbi münaqişələr kollektiv şəkildə sağaldıla biləcək psixoloji travmalara səbəb olur

Müharibələr veteranlarda və onların ailələrində, eləcə də döyüş meydanından qayıtmayan şəxslərin ailələrində ağır təsirlər buraxır. Evə qayıtdıqdan sonra əsgərlər tez-tez travma sonrası sindrom və zədələrlə mübarizə apardıqları zaman ailələrdə də psixoloji travma və yadlaşma geniş yayılır və bu, xüsusilə də, həlak olmuş əsgərlərin uşaqları üçün viranedici olur. Uzun müddət davam edən psixoloji təsirlərə səbəb olan fərdi və kollektiv travmanı sağaltmaq üçün nə etmək olar? Beləliklə, hərbi münaqişələrdən sonra bərpa olunmaqda olan millətlərin təcrübəsi yaxşılaşmağın yollarından biri kimi gücləndirilmiş sosial dəstək və icma sağaltmasına işarət edir.

“For Azerbaijan” təşəbbüslə çıxış edir

2020-ci ilin payızında baş vermiş II Qarabağ Müharibəsi də istisna olmadı. Azərbaycan veteranları, eləcə də Qarabağdan evinə qayıtmayan əsgərlərin ailələri kədər və travma ilə mübarizə aparırlar. Bu yerdə “For Azerbaijan”, qayğıya, dəstəyə ən çox ehtiyacı olan azərbaycanlıların tələbatlarına diqqət yetirən qeyri-kommersiya təşkilatı səylərini icma olaraq sağalmağa və psixoloji reabilitasiya xidmətlərinin təmin olunmasına cəmləyərək yeni təşəbbüslə çıxış etdi.

“For Azerbaijan”ın uşaqlar üçün 2021-ci il flaqman “Yay Düşərgəsi”

For Azerbaijan həlak olmuş hərbçilərin övladları olan 70 yeniyetmə üçün “Qaliblər Düşərgəsi” adlı Yay Düşərgəsi təşkil etdi. Qeyri-kommersiya təşkilatının məqsədi davamlı bərpanı təşviq etmək və travmanı uşaqların inkişafı və transformasiyası üçün tramplin kimi istifadə etmək üçün fərdi və icma resurslarını səfərbər etmək idi. Azərbaycanın hər tərəfindən, daha çox da aztəminatlı ailələrdən gələn bu uşaqlar kədərləri, sarsılmış güvənləri və zədələnmiş mənlik hissləri ilə mübarizə aparmaqda çətinlik çəkirdilər.


Yetmiş düşərgə iştirakçısı.

“For Azerbaijan” onların sağalmalarına və şəxsi inkişaflarına şərait yaratmaq üçün isti və qonaqpərvər mühit təmin etmişdir. Düşərgə iştirakçılara restoran keyfiyyətli yeməklərdən, təzəlikcə yenidən bəzədilmiş otaqlardan, daxili camaşırxanadan tutmuş tibbi və psixoloji konsultasiyaya kimi hər bir şəraiti olan rahat və təhlükəsiz mühit təklif etdi. Düşərgə iştirakçıları idman, dərslər, rəqs, Bakının gəzməli yerlərinə səfər və əlbəttə ki, komanda quruculuğunun da daxil olduğu çoxsaylı maraqlı fəaliyyətlərdə iştirak etdilər. Düşərgəni idarə edən peşəkarlar və könüllülər komandası yüksək ixtisaslı idilər və yenicə travma ilə üzləşmiş uşaqlarla işləmək üçün hərtərəfli təlim keçmişdilər. Uşaqları görə bilmələri və onlara öyrənmə imkanları və dəstək təklif edə bilmələri üçün “For Azerbaijan” siyasətçiləri, incəsənət xadimlərini, dini rəhbərləri, məşhurları və digər icma üzvlərini də düşərgəyə cəlb etmişdi.


Düşərgə iştirakçıları çoxsaylı şən fəaliyyətlərdən birindən zövq alır.

Yay düşərgəsinin çoxsaylı uğurları icma sağalmasının necə işlədiyini göstərir

Yay düşərgəsində əldə edilənlərə dair daha çox məlumat almaq üçün travma nəticələrinin zəiflədilməsi və psixoloji reabilitasiya sahəsində böyük təcrübəyə malik olan uşaq, gənc və ailələr iş üzrə ixtisaslaşmış psixoloq Məlahət Qazıbəyova ilə danışdıq. Yay düşərgəsində gördüyü işlər barəsində çox həvəsli olan Məlahət xanım izah etdi ki, “For Azerbaijan” bu düşərgə vasitəsilə 70-dən çox yeniyetmənin güclü birliyini yaratdı və bu təşəbbüs sözügedən uşaqların həyatında dəyişikliklər etməyə qərarlı olan və çoxu könüllü olan yüksək səviyyəli peşəkarlar tərəfindən dəstəkləndi. Onlar yorulmadan elə çalışdılar ki, o vaxtacan bir çoxu ailədən heç vaxt uzaqda qalmamış uşaqlar tezliklə yeni mühitə alışdılar. Məlahət Qazıbəyova iki həftəlik səyahətlə düşərgənin uşaqlara özgüvənlərini gücləndirmələrinə və yasdan sağalmanın əsas hissəsi olan sıx dəstək qrupu formalaşdırmalarına kömək etdiyini dedi.

“İki həftəlik səyahətlə düşərgə uşaqlara özgüvənlərini gücləndirməyə və yasdan sağalmanın əsas hissəsi olan sıx dəstək qrupu formalaşdırmağa kömək etdi.
– Məlahət Qazıbəyova, psixoloq


Bir çox valideynlər, həmçinin iştirakçılar düşərgədən əvvəl narahat idilər.

Başda düşərgəyə qoşulmağa həvəsli olmayan və ailələrindən ayrıldıqlarına görə üzülən uşaqların çoxu düşərgəni və yayın sonunda qazandıqları dostlarını tərk etmələrinə görə ən az həmin qədər kədərlənirdilər. “Ürəkaçan məqam odur ki, iştirakçıların ailələri çox uşağın evə daha xoşbəxt, ümid dolu və yeni həyəcanverici təcrübələrlə qayıtdıqlarını bildirərək bizə təşəkkür etdilər”, – deyən Məlahət Qazıbəyova qeyd etdi ki, onlar travmadan sağalmağın əsas vasitəsi olan yeni bağlılıqlar formalaşdırdılar və aidlik hissini duydular.


Düşərgənin sonuna doğru əminlik və xoşbəxtlik hiss olunurdu.

Yay düşərgəsindən sonra uzunmüddətli dəstək

Məlahət Qazıbəyova inanır ki, “For Azerbaijan” tərəfindən başladılmış Yay düşərgəsi böyük fərq yaratdı. O, uşaqlara öz kimliklərini və mənliklərini yenidən kəşf etməyə kömək etdi. Yenə də uzunmüddətli dəstəyin təmin edilməsi və ailələrin sağalması üçün hələ çox iş görülməlidir. Beləliklə, yay başa çatsa da, “For Azerbaijan”ın müharibənin təsirinə məruz qalmış şəxslərə dəstəyi bitmədi. Təşkilat uşaqlara bir-biriləri və düşərgənin könüllü məsləhətçiləri ilə əlaqədə qala bilmələri üçün imkanlar təklif etməyə davam etdi. İştirakçılar arasında icma hissinin daha da gücləndirilməsi üçün “For Azerbaijan” yay düşərgəsinə həsr edilmiş vebsayt yaratdı.


Düşərgədən sonra uşaqlarla qrup təlim sessiyası davam edir.

Yay düşərgəsində məsləhətçi kimi işləmiş iki könüllü virtual olaraq uşaqlarla görüşməyə və onlar üçün onlayn tədbirlər təşkil etməyə davam edir. Onlar həmçinin uşaqların evlərinə də baş çəkiblər. Məlahət Qazıbəyova uşaqlarla məşğul olmağı davam etdirir və tematik qrup sessiyalarını aparmaqla və daha yaxından diqqət tələb edən uşaqları müəyyənləşdirməklə onlara dəstək olur. Məlahət Qazıbəyova izah edərək dedi: “Uşaqların psixoloji dəstək, eləcə də öyrənmə və inkişaf imkanlarını təmin etmək üçün mən müntəzəm virtual görüşlər keçirirəm. Özgüvəni necə inkişaf etdirməkdən tutmuş məktəbdə necə yaxşı oxumaq və karyera seçməyə qədər gənclərə münasib olan çoxsaylı mövzular haqqında müzakirələr aparıram.” Dəstək və məsləhət üçün o həmçinin uşaqların anaları ilə görüşməyə başladı. Əksər hallarda bu qadınlar emosional olaraq əlçatmaz qalır və kədərlərini və ya psixoloji ehtiyaclarını açmaqda çətinlik çəkirlər. Amma Məlahət xanım bildirir ki, analar onunla işləməyin uşaqlarının şəxsi inkişafına və gələcək perspektivlərinə faydalı olduğunu gördükcə bu təşəbbüsü dəstəkləməyə və valideynlik və ya uşaqların yeni şəraitə uyğunlaşdırılmasına dair özləri üçün konsultasiya imkanları ilə maraqlanırlar.


Məlahət Qazıbəyova ilə iştirakçı arasında təkbətək sessiya.

Növbəti addımlar

Yay düşərgəsindən öyrənilmiş dərslərin sayəsində “For Azerbaijan” icma sağalmasına fokus olan bir neçə başqa təşəbbüs başladır. For Azerbaijan artıq “Psixoloji Dəstək Proqramı” çərçivəsində yerli sağlıq peşəkarları ilə birlikdə 50-dən çox veteranın və mərhumların ailə üzvlərinin travma sonrası stress pozuntusu, depresiya və yuxusuzluq kimi müxtəlif diaqnostikalarla müalicə almasına kömək edir. 2021-ci ilin yay və digər təcrübələri göstərdi ki, Qarabağ münaqişəsinin təsirinə məruz qalmış azərbaycanlıların emosional və psixoloji reabilitasiyası ölkədə bu sahədə ekspert, institusional tənzimləmə və bu cür iri miqyaslı problemlərlə baş etmə təcrübəsinin çatışmazlığına diqqət yetirilməsini tələb edir.

Buna görə də “For Azerbaijan” son dövrdəki münaqişədə itki və travmadan əziyyət çəkənlərin reabilitasiyasını və inteqrasiyasını dəstəkləmək üçün ölkədəki potensialı artırmağa çalışır. “For Azerbaijan”ın dəstəyi iki sütuna əsaslanacaq: İcma Sağalmasının Artırılması (70 uşaq və onların anaları ilə işə əsaslanaraq); Təlim və Təlimçilərin Təlimi Vasitəsilə Spesifik Peşəkar Təcrübənin Gücləndirilməsi (Psixoloji Dəstək Proqramına əsaslanaraq). “For Azerbaijan” hazırda Azərbaycanda və ABŞ-da tərəfdaşlarla birgə icra və mümkün korporativ sponsorluğa dair əlaqələr qurur. “For Azerbaijan”ın bu və digər təşəbbüsləri barədə ətraflı məlumatı vebsaytından əldə edə bilərsiniz.


Psixolog Məlahət Qazıbəyova.