İtaliyanın RAİ televiziya kanalı Qarabağ müharibəsinə həsr olunmuş xüsusi veriliş yayımlamış və proqramda müharibədən sonrakı dövrdə aparılan mental reabilitasiya işlərinə geniş yer ayırmışdır. Bu çərçivədə “For Azerbaijan” təşkilatının fəaliyyəti də diqqət mərkəzinə gətirilmiş, ötən illər ərzində insanların psixososial inkişafına göstərdiyimiz dəstək və mənəvi dirçəliş prosesinə verdiyimiz töhfələr ətraflı şəkildə
təqdim edilmişdir.

Verilişdə dünya təcrübəsində mental reabilitasiya işləri adətən xaricdən dəvət olunan mütəxəssislər tərəfindən həyata keçirildiyi halda, Azərbaycanda bu prosesin “For Azerbaijan”ın təşəbbüsü ilə yerli mütəxəssislərin hazırlanması əsasında qurulduğu xüsusi olaraq vurğulanmışdır. Bu, ölkədə psixoloji xidmətlərin inkişafında mühüm dönüş nöqtəsi kimi dəyərləndirilmişdir.

Proqramda həmçinin APRİA layihəsinin məqsədi, əhəmiyyəti və mərhələləri işıqlandırılmış, 30 illik işğal və müharibənin bölgədə dərin fiziki və mənəvi izlər buraxdığı qeyd edilmişdir. Bu gün Qarabağın yenidən qurulması fonunda APRİA layihəsi və “For Azerbaijan”ın həyata keçirdiyi digər proqramlar həmin yaraların sağalmasına, icmaların bərpasına və uzunmüddətli dayanıqlı inkişafın təmin edilməsinə verdiyi töhfələrlə fərqlənir.

Bu beynəlxalq təqdimat təşkilatımızın fəaliyyətinin yalnız ölkə daxilində deyil, həm də qlobal səviyyədə tanınmasına, psixoloji reabilitasiya sahəsində Azərbaycanın innovativ və dayanıqlı modelinin dünyaya nümayiş etdirilməsinə imkan yaratmışdır.