For Azerbaijan Xeyriyyə təşkilatının həyata keçirdiyi “Azərbaycanda Psixoloji Reabilitasiya İmkanlarının Artırılması” (APRİA) layihəsi çərçivəsində “PTSP hallarında Yazılı Ekspozisiya Terapiyası” kitabının və “CPT Coach” Mobil Tətbiqin  təqdimat mərasimi keçirilib.

Tədbirdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev, “For Azerbaijanın”nın qurucu üzvü Ülviyyə Zeynalova-Boçkin, PAŞA Sığorta Şirkətinin İdarə Heyətinin sədri Ülviyyə Cabbarova, Psixi Sağlamlıq Mərkəzinin rəhbəri Fuad İsmayılov çıxış ediblər. Onlar kitabın elmi dairlərdə maraq doğurduğunu, təhsil sahəsində vacibliyini, layihə çərçivəsində Azərbaycanda ilk dəfə tətbiq olunan yeni müalicə növlərinin effektivliyini xüsusi vurğulayıblar.

Xatırladaq ki, Paşa Sığortanın maliyə dəstəyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin tərəfdaşlığı ilə həyata keçirilən APRİA layihəsinin ümumi məqsədi yeni reabilitasiya metodlarının tətbiqi ilə Azərbaycanda psixoloji reabilitasiya proseslərinin gücləndirilməsinə dəstək verməkdir.

Tədbirdə layihə çərçivəsində nəşr edilmiş Denise M.Sloan və Brian P.Marx-ın müəllif olduqları “PTSP hallarında Yazılı Ekspozisiya Terapiyası” kitabı geniş ictimaiyyətə təqdim olunub. Kitab ABŞ-da Post Travmatik Stres Pozuntusu hallarında aparıcı müalicə üsuluna çevrilmiş Yazılı Ekspozisiya Terapiyası üzrə işləyən psixoloqlar üçün əsas təlimat vəsaiti kimi istifadə edilir. Layihə çərçivəsində daha bir kitab (PTSP hallarında Koqnitiv İşlənmə Terapiyası) isə yaxın zamanlarda nəşr etdiriləcək.